Adının mənasını həyatında yaşadan Səadət Məmmədovaya Sağlam, azad, rahat yaşamaq həmişəlik nəsibiniz olsun!

Səadət Məmmədova 8 aprel 1977-ci ildə Ağdamda doğulub. Ermənistanın ərazilərimizi işağal etməsi nəticəsində ailəsi ilə birgə məcburi köçkün həyatı yaşayıb. 1994-cü ildə Bakıda S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını bitirib. Həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1994–98-ci illərdə bakalavr, 1998–2000-ci illərdə həmin fakültənin magistr pilləsində təhsil alıb. Televiziya və radio jurnalisti ixtisasına yiyələnib.

AzTV, AzTV2, LiderTV-də işləyib. 

Lider TV-nin "SƏDA" xəbərlər departamentini yaradıb və baş redaktor kimi departamentə rəhbərlik edib. Həm də ilk dövrdə xəbərlərdə aparıcı, sonralar "167-ci saat" ictimai-siyasi analitik proqramının müəllifi və aparıcısı olub.

Azərbaycan Dövlət İqtisad Universitenin internet studiyasının yaradılması prosesində əsas şəxslərdən olub, universitetin saytının yaradılmasında birbaşa iştirak edib, internet radiosunun layihəsini hazırlayıb. Paralel olaraq İNTERNEWS NETWORK-də (əsas ofisi ABŞ-da yerləşən beynəlxaq media şəbəkəsi) işləyib. İnternews network-un hazırladığı və Space TV-də yayımlanan "Media və Mən" verilişinin redaktoru olub.

Bu layihə ilə yanaşı İnternews network-un BBC Dünya xidmətinin Azərbaycan bölməsi ilə birgə layihələri reallaşdırmağa başlayıb. Layihə  BBC Azərbaycan xidmətində, Araz Radiosunda və ANS ÇM-də yayımlanıb.

2005-ci ildə internews network-un Space TV-də yayımlanan yeni layihəsində “Xətt” həftəlik informasiya-analitik proqramında redaktor, bir neçə aydan sonra müəllif-aparıcı olub. Eyni zamanda 2005-ci ildə mart-aprel-may aylarını əhatə edən, Böyük Britaniyanın Links beynəlxalq təşkilatının, Beynəxalq Strateji Araşdırmalar Mərkəzi və İnternews network-un birgə layihəsi olan və Space TV-də yayımlanan "Axşam debatları" tok-şousunda aparıcılıq edib. Bu layihə oktyabr-noyabr aylarında ikinci mövsümdə də davam edib.

2005-ci ildə internews network-lə BBC Azərbaycan xidmətinin bir illik böyük layihəsinin rəhbəri olub. Böyük Britaniyanın “Conciliation Resources” təşkilatının dəstəyi ilə hazırlanan aylıq radiooçerklər silsiləsi öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin mənəvi-psixoloji problemlərinə həsr olunub və bu layihə böyük uğur və rəğbət qazanıb.

2006-cı ilin iyununda AzTV-nin Xəbərlər redaksiyasının baş redaktoru təyin olunub. Eyni zamanda "Günün nəbzi", "Xəbərlər" proqramlarında aparıcılıq edib. 2007-ci ilin mayında AzTV-dən ayrılıb, dövlət qulluğuna keçib. 4 ildən çox Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində işləyib.

2011-ci ildə Azərbaycanda ilk dəfə yaradılan HD formatlı internet televiziyası – YurdTV-nin formalaşdırılması prosesinə dəvət alıb. Layihə 3 il davam edib.

2015-ci il oktyabrında CBC beynəlxalq telekanalında yeni yaradılan Azərbaycan Redaksiyasına rəhbər, baş redaktor vəzifəsinə dəvət olunub. 2017-ci ilin dekabrında isə CBC TV-də Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2021-ci ilin martından ATV kanalı prezidentinin informasiya yayımı üzrə müşaviridir.

ATV-də yayımlanan "Ağdam və mən" sənədli-publisistik filmlər layihəsinin müəllifidir.

2022-ci ilin sentyabrında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilb. Mətbuat Şurası sədrinin müavinidir.

2013-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb.

2019-cu ildə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin işıqlandırılmasında xüsusi fəallığına görə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 22 iyul 2020-ci ildə imzaladığı sərəncamla milli mətbuatın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adını alıb.

Adının mənasını həyatında yaşadan dəyərli həmkarımız Səadət xanım! Keçdiyiniz yolun cəmi ömrünüzə yazılmış ən ağır olan yurdsuzluq dərdinə çox layiqli cavabdır. Fəaliyyətinizdəki yüksəliş kainata çatacaq səviyyədə olub deyə, o da göndərdiyinizi daha da gözəlləşdirərək həyatnıza qaytarıb – Siz vətənə qovuşdunuz: Ağdamdasınız! Ağdamlasınz! Ən ağır dərdiniz beləcə əriyib suya döndü. Kainat o suyu da pak edib, jurnalistkamıza nemət kimi verdi. Ona görə yazdıqlarınız, çəkdikləriniz bulaq təravətlidir, dözülməz istini bir andaca əsarətinə almaq gücündə olan nəsim mehidir, ruha və cismə sərinlikdir.

Məhz Sizlikdir. Bütün yolların işıqlı tərəfi Sizin səmtinizdir. Yolunuz açıq qalsın, hər gününüz mübarək. SAĞLAM, AZAD, RAHAT yaşamaq həmişəlik nəsibiniz olsun!

Mediaekspert.az